Tibbi tullantıların təhlükəsiz idarə olunması ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
13 Noyabr 2026, 14:23
Tibbi tullantıların təhlükəsiz idarə olunması sahəsində mövcud tələblər və qaydalar barədə məlumatlılığın artırılması məqsədilə növbəti maarifləndirmə tədbirləri Bakı şəhərinin Xətai rayonunda yerləşən Bakı Reabilitasiya Mərkəzində, Sumqayıt şəhərində fəaliyyət göstərən “Doktor Az” klinikasında, Masallı Rayon Mərkəzi Xəstəxanasında və “MasMedical Center” MMC-də, eləcə də Mingəçevir Tibb Kollecində təşkil olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşlarının iştirakı ilə “Tibbi tullantıların təhlükəsiz idarə edilməsi” mövzusunda keçirilən görüşlərdə iştirakçılara tibbi tullantıların təsnifatı, düzgün çeşidlənməsi, müvəqqəti saxlanılması, daşınması və zərərsizləşdirilməsi qaydaları barədə ətraflı məlumat verilib.
Həmçinin tibbi tullantıların idarə olunması zamanı qüvvədə olan tələblərə əməl edilməsinin vacibliyi vurğulanıb, bu sahədə yol verilən nöqsanların ətraf mühitə və insan sağlamlığına yarada biləcəyi ekoloji və sanitar risklər diqqətə çatdırılıb.