“III Yaşıl düşüncə” maarifləndirmə proqramı çərçivəsində növbəti görüş keçirilib
12 Noyabr 2026, 18:53
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən “III Yaşıl düşüncə” maarifləndirmə proqramı çərçivəsində gənclər üçün “Böyük Qayıdış: Qarabağın yaşıl dirçəlişi” mövzusunda növbəti təlim keçirilib.
Təlimdə ETSN-in mütəxəssisi Murad Şahverdiyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində görülən işlər və bu istiqamətdə müəyyən edilmiş prioritetlər barədə ətraflı məlumat verib.
Görüş zamanı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ekoloji tarazlığın bərpası, təbii sərvətlərin mühafizəsi, biomüxtəlifliyin qorunması, meşə və yaşıllıq sahələrinin bərpası, eləcə də ərazilərdə sağlam və dayanıqlı ətraf mühitin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.
İnteraktiv müzakirə formatında davam edən təlimdə gənclərin mövzu ilə bağlı sualları cavablandırılıb, onların fikir və təklifləri dinlənilib.
Təlimin əsas məqsədi gənclərin Böyük Qayıdış prosesinin ekoloji aspektləri barədə məlumatlılığını artırmaq, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tədbirlər barədə məlumat vermək və ətraf mühitin mühafizəsində gənclərin fəal iştirakını təşviq etmək olub.