Xəbərlər


“III Yaşıl düşüncə” proqramının iştirakçıları tinglik sahəsinə səfər ediblər

02 Noyabr 2026, 16:57

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən “III Yaşıl düşüncə” maarifləndirmə proqramının iştirakçıları “Azəryaşlandşaft” ASC-nin tinglik sahəsinə səfər ediblər.

Səfərin əsas məqsədi gəncləri tinglərin yetişdirilməsi və onlara qulluq prosesləri, yaşıllıqların salınması və mühafizəsi istiqamətində görülən işlərlə tanış etmək, eləcə də ətraf mühitin qorunmasında yaşıllaşdırma tədbirlərinin rolu barədə biliklərini genişləndirmək olub.

Tinglik sahəsində keçirilən görüş zamanı iştirakçılara müxtəlif ağac və bitki növlərinin yetişdirilməsi, onların yerli torpaq-iqlim şəraitinə uyğun seçilməsi, əkilməsi və qulluq qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin tinglik təsərrüfatının fəaliyyəti və yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.

İnteraktiv sual-cavab sessiyası ilə davam edən səfər proqramının sonunda iştirakçılara təbiətə qayğının kiçik addımlardan başladığını simvolizə edən toxumlar hədiyyə olunub.

Belə maarifləndirici səfərlər gənclərin ekoloji biliklərinin artırılmasına, onlarda təbiətə məsuliyyətli münasibətin formalaşdırılmasına və ətraf mühitin mühafizəsində fəal iştiraklarının təşviqinə xidmət edir.