Xəbərlər


”Təbiət naminə sülh: ekoloji bərpa və iqlim dayanıqlılığı” mövzusunda ekoloji maarifləndirici görüş keçirilib

18 Sentyabr 2026, 18:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərin iştirakı ilə ”Təbiət naminə sülh: ekoloji bərpa və iqlim dayanıqlılığı” mövzusunda maarifləndirici görüş keçirilib.

Görüşdə ETSN-in mütəxəssisləri Murad Şahverdiyev və Aygün Nərimanova tərəfindən gənclərə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sağlam ətraf mühitin formalaşdırılması, təbii ekosistemlərin bərpası və biomüxtəlifliyin qorunması istiqamətində kompleks tədbirlərin həyata keçirildiyi qeyd olunub. Eyni zamanda, iqlim dəyişmələrinin təsirlərinin azaldılması və ərazilərin ekoloji dayanıqlılığının gücləndirilməsi məqsədilə görülən işlər diqqətə çatdırılıb.

Görüşün məqsədi sülh və ətraf mühit arasında qarşılıqlı əlaqənin, sülh şəraitinin təbii ehtiyatların qorunması, ekosistemlərin bərpası və iqlim dayanıqlılığının gücləndirilməsi baxımından əhəmiyyətinin gənclərin diqqətinə çatdırılması olub.

Qeyd edək ki, maarifləndirici görüş Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən avqustun 21-dən sentyabrın 21-dək ölkədə elan edilən “Sülh Aylığı” çərçivəsində təşkil olunub.