Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günü ilə əlaqədar maarifləndirici görüş keçirilib
17 İyun 2026, 18:15
17 iyun – Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif təşkilatları təmsil edən könüllülərin iştirakı ilə maarifləndirici görüş keçirilib.
“Sağlam torpaq, dayanıqlı gələcək!” mövzusunda keçirilən görüşdə Nazirliyin Beynəlxalq şöbəsinin əməkdaşı, UNCCD-nin ölkə üzrə milli əlaqələndiricisi Toğrul Feyziyev tərəfindən quraqlıq və səhralaşmanın yaranma səbəbləri, bu proseslərin ətraf mühitə, torpağa, iqlimə, biomüxtəlifliyə və insanların həyat şəraitinə təsirləri, eləcə də onların qarşısının alınması istiqamətində həyata keçirilən milli və beynəlxalq tədbirlər barədə ətraflı məlumat verilib.
Görüş çərçivəsində interaktiv qrup işi təşkil olunub. İştirakçılar qruplara bölünərək səhralaşma və quraqlığın yaranma səbəbləri, onların qarşısının alınması yolları ilə bağlı tapşırıqları yerinə yetiriblər. Gənclər torpaqların qorunması və dayanıqlı istifadəsi istiqamətində öz fikir və təkliflərini bölüşüblər.
Tədbirin məqsədi gənclər arasında quraqlıq və səhralaşma problemləri barədə məlumatlılığın artırılması, ətraf mühitə məsuliyyətli münasibətin təşviq edilməsi və ekoloji təşəbbüslərdə iştirakın genişləndirilməsi olub.