“22 aprel - Beynəlxalq Yer günü” çərçivəsində ali məktəb tələbələri ilə görüş keçirilib
16 Aprel 2015, 00:00
“22 aprel - Beynəlxalq Yer günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə ətraf mühitin mühafizəsi sahəsində Ümummilli lider Heydər Əliyev ideyalarının gənclər arasında təbliği məqsədilə seminar keçirilib.
Seminarda tələbələrə ətraf mühitin mühafizəsi istiqamətində son illərdə Nazirlik tərəfindən görülmüş işlər barədə məlumat verilib, həyata keçirilmiş tədbirləri əks etdirən film nümayiş etdirilib və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Nazirlik əməkdaşları tərəfindən mövcud qlobal ekoloji problemlər: iqlim dəyişmələri, səhralaşma, bioloji müxtəlifliyin qorunması, tullantıların idarə edilməsi, ekoloji təhlükəsizliyin təmin olunması barədə tədbir iştirakçılarına geniş məlumat verilib, eyni zamanda ətraf mühitin çirklənməsinin minimuma endirilməsi sahəsində mühafizəsinin tənzimlənməsi məqsədilə davamlı inkişaf prinsipləri üzrə mütərəqqi üsulların tətbiq edilməsi, alternativ metodlar vasitəsilə tükənməyən enerji mənbələrindən yararlanma və enerji effektivliyinə nail olunması istiqamətində ölkədə həyata keçirilən fəaliyyətlərdə gənc nəslin iştirakının vacibliyi vurğulanıb.
Həmçinin, müzakirədə ətraf mühitin mühafizəsi sahəsində gənc nəslin rolunun zəruriliyi bildirilərək dövlət orqanları ilə yanaşı ictimaiyyətin bu sahədə aktiv iştirakının, əhali arasında maarifləndirmə işlərinin aparılmasının əhəmiyyəti diqqətə çatdırılıb.