Xəbərlər

Azərbaycan, növbəti ev sahibi olaraq “Ümumdünya Ətraf Mühit Günü”nün estafetini qəbul edib

05 İyun 2025, 18:00

Cari ilin 5 iyun tarixində “Ümumdünya Ətraf Mühit Günü” Koreya Respublikasının ev sahibliyi ilə Jeju adasında keçirilib. BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən hər il təşkil olunan bu qlobal tədbir bu dəfə “Plastik çirklənməyə son” mövzusuna həsr olunaraq, plastik tullantıların azaldılması və dövri iqtisadiyyata keçid istiqamətində birgə fəaliyyətləri təşviq edib.

Ölkəmizi tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavininin rəhbərlik etdiyi, Xarici İşlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də Koreya Respublikasındakı səfirliyimizin nümayəndələrindən ibarət nümayəndə heyəti təmsil edib.

Qeyd edək ki, 2026-cı ildə “Ümumdünya Ətraf Mühit Günü”nə Azərbaycan ev sahibliyi edəcək. Ölkəmizdə keçiriləcək tədbir iqlim dəyişmələri mövzusuna həsr olunacaq. Bu mühüm hadisə Azərbaycanın ətraf mühit sahəsində beynəlxalq əməkdaşlığa verdiyi töhfənin tanıdılması ilə yanaşı, ötən il keçirilmiş COP29-un nəticələrinin təşviq olunmasına və 2026-cı ildə Azərbaycanda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumu ilə sinerji yaradılmasına xidmət edəcək.

Koreyada keçirilən tədbirdə estafet 2026-cı il “Ümumdünya Ətraf Mühit Günü” tədbirinin ev sahibi olaraq Azərbaycan tərəfindən rəsmən qəbul edilib. Bununla, bu mötəbər tədbirin ölkəmizdə UNEP ilə birgə təşkili prosesinə start verilib.

Xatırladaq ki, “Ümumdünya Ətraf Mühit Günü” 1972-ci ildə Stokholmda keçirilən BMT konfransında təsis olunub və dünyanın ən geniş miqyaslı ətraf mühit kampaniyasıdır. İlk dəfə 1973-cü ildə qeyd olunmağa başlayan bu gün artıq 150-dən çox ölkədə milyonlarla insanı birləşdirən qlobal platformaya çevrilib. Bu platforma vasitəsilə fərdlər, hökumətlər, bizneslər və təşkilatlar ətraf mühitin qorunması istiqamətində fəaliyyətlərini geniş ictimaiyyətlə bölüşür və iqlim dəyişikliyi, biomüxtəlifliyin qorunması, hava və su ehtiyatlarının mühafizəsi kimi məsələlərə diqqəti artırırlar.