Regionlarda ətraf mühitin mühafizəsi sahəsində maarifləndirici tədbirlər davam edir
16 Dekabr 2024, 15:25
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində regionlarda yaşayan əhalinin ətraf mühitin mühafizəsi sahəsində məlumatlılığı və məsuliyyəti artırmaq məqsədilə Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən mütəmadi olaraq maarifləndirici görüşlər keçirilir.
Növbəti görüşlər zamanı mütəxəssislər tərəfindən Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin, Xaçmaz şəhər 5 nömrəli tam orta məktəbin, Gədəbəy rayonu Arıxdam kənd tam orta məktəbin, Quba rayonu Digah kənd tam orta məktəbin şagirdlərinə ətraf mühitin mühafizəsi, tullantıların düzgün idarə olunması və s. sahələrdə ətraflı məlumatlar verilib, müzakirə olunan mövzular ətrafında verilən suallar cavablandırılıb.
Eyni zamanda, "İnnovativ Gənclər" İctimai Birliyinin təşkilatçılığı ilə "Eco Vision: Yox edilən gələcək" adlı layihə çərçivəsində Lənkəran şəhər 7 saylı tam orta məktəbdə və Mingəçevir Gənclər Evində şagirdlərə Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən ekoloji davamlılıq, ətraf mühitin mühafizəsində gənclərin rolu mövzularında maarifləndirici məlumatlar verilib.