Xəbərlər

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Milli Hidrometeorologiya Xidmətinə ekskursiya təşkil olunub

01 Noyabr 2024, 15:00

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakı şəhəri Xəzər rayonu 121 nömrəli məktəbin şagirdləri Milli Hidrometeorologiya Xidmətində ekskursiyada olub.

Əvvəlcə Xidmətin əməkdaşı qlobal iqlim dəyişmələri və onun yaratdığı problemləri qeyd edərək, ölkə rəhbərliyinin qərarı ilə bu ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasının əhəmiyyəti barədə məlumat verib.

Keçirilən tədbirdə xidmətin mütəxəssisləri tərəfindən şagirdlərə Hidrometeorologiya muzeyində yer alan ölkəmizin milli hidrometeorologiyasının tarixini əks etdirən eksponatlar, ölçü cihazları, avadanlıqlar, fotoşəkillər barəsində məlumat verilib.

Daha sonra Situasiya Mərkəzində şagirdlərə hidrometeoroloji müşahidələrin təşkili, hidrometeoroloji məlumatların qəbulu, emalı, vizuallaşması, həmçinin əldə edilmiş məlumatlar əsasında hava proqnozunun hazırlanması prosesi izah olunub.

Tədbirin sonunda interaktiv formatda şagirdləri maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb və bu ilin noyabr ayında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) dünya üçün əhəmiyyətinin səbəbləri şagirdlərə izah olunub.