Xəbərlər

"Yaşıl dünya naminə həmrəylik ili" və Azərbaycanda keçiriləcək COP29 beynəlxalq tədbiri ilə bağlı könüllülərə təlim keçirilib

28 Oktyabr 2024, 17:45

Ekologiya və Təbii Sərvətlər Nazirliyində qlobal COP29 iqlim konfransı ərəfəsində Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərə "İqlim dəyişikliyinin təsirləri və iqlim fəaliyyətləri", COP29 tədbirinin əhəmiyyəti ilə bağlı təlim keçirilib.
 
Təlimdə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova tərəfindən iqlim dəyişmələrinin səbəb və nəticələri, Azərbaycanda iqlim dəyişikliyi fəaliyyəti, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı haqqında məlumatlar auditoriyaya çatdırılıb və gənclərə yaşıl düşüncə tərzinin formalaşdırılması ilə bağlı praktiki biliklər ötürülüb.

Eyni zamanda, tədbir çərçivəsində gənc nəslin ekoloji şüurunun formalaşmasına təsir göstərmək üçün həyata keçirilən "Yaşıl düşüncə maarifləndirmə proqramı"nda iştirak edərək uğurlu nəticə göstərən könüllülərə sertifikatlar təqdim olunub.