Xəbərlər

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “COP-29: Dayanıqlı Şəhərsalma və Ekoloji Çağırışlar" forumu keçirilib

25 Oktyabr 2024, 17:00

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə COP-29 və "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş "COP-29: Dayanıqlı Şəhərsalma və Ekoloji Çağırışlar" adlı forum keçirilib.

Forum Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən payız əkin mövsümünün ilk ağacəkmə aksiyasında tələbələrin iştirakı ilə açıq elan edilib.

Forum çərçivəsində 3 mövzuda panel müzakirələr aparılıb. Panel müzakirələr “Müasir şəhərsalmada dayanıqlılıq amilləri”, “Enerjidən qeyri-səmərəli istifadə iqlim dəyişikliklərinin səbəbi kimi” və “Su ehtiyatlarından istifadə və ekoloji dayanıqlılıq problemləri” kimi əsas mövzuları əhatə edib.

Forum çərçivəsində həmçinin, ekoloji maarifləndirmə ilə yanaşı, yaradıcı təkrar istifadə üsulları vasitəsilə həm ekologiyaya töhfə vermək, həm də dizayn bacarıqlarını inkişaf etdirmək məqsədilə plastik tullantılardan istifadə etməklə müxtəlif maketlərin hazırlanması və gənc rəssamların iştirakı ilə bitki dibçəklərinin üzərində yerli təbiəti, iqlim dəyişikliyi, biomüxtəlifliyin qorunması və su ehtiyatlarının mühafizəsi kimi ekoloji mövzuları vurğulayan rəsm işlərindən ibarət vörkşoplar keçirilib.