Xəbərlər

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində payız əkin mövsümünə start verilib

21 Oktyabr 2024, 11:02

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə payız əkin mövsümünün ilk ağacəkmə aksiyası keçirilib.

Aksiyada 100-dən çox məktəbli, o cümlədən Memarlıq və İnşaat Universitetinin tələbələri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Uşaq Səfirlər Məclisi”nə üzv uşaqlar, ekokönüllülər iştirak edib.

Aksiya çərçivəsində Müşfiqabad qəsəbəsində 1 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.