Xəbərlər

Dövlət Ekoloji Ekspertiza Agentliyində növbəti ictimai dinləmə keçirilib

16 Sentyabr 2024, 16:20

Zaqatala şəhəri ərazisində, müxtəlif ünvanlarda yerləşən 51 ədəd müxtəlifcinsli qurumuş və qəzalı vəziyyətdə olan ağacların götürülməsi, habelə paytaxtın Nəsimi rayonu Ənvər Qasımzadə küçəsi 15 ünvanında “İnam-V” MMC tərəfindən inşası nəzərdə tutulmuş qeyri-yaşayış binasının tikinti layihəsi altına düşən və Yasamal rayonu Cəfər Cabbarlı, İbrahim Əbilov, Nabatxanım Aşurbəyova, Fuad İbrahimbəyov və Sübhi Salayev küçələrinin əhatə etdiyi ərazidə “CİTY LİFE” MMC tərəfindən inşası nəzərdə tutulan yaşayış kompleksinin tikinti layihəsi altına düşən aylant cinsli yaşıllıqların götürülməsi üzrə ekoloji qiymətləndirilmə aparılıb.

Tədbirdə arid iqlim zonalarında, xüsusən Bakı şəhərində yaşıllıqların keyfiyyətinin artırılması məsələsi, yabanı halda bitən aylant cinsli ağacların götürülməsi ilə bağlı məsələ daha geniş müzakirə olunub.

Bildirilib ki, aylant cinsli ağac və kolşəkilli yaşıllıqlar torpağa tələbkar olmadığından, quraqlığa davamlı olduğundan və bol kök ucları əmələ gətirdiyindən müxtəlif relyeflərdə inkişaf edərək çox sürətlə yayılır. Şəhər və rayon ərazilərində, əsasən tikililərin divarının dibində, müəyyən qısa müddət ərzində istifadəsiz qalmış və ya tərk edilmiş ərazilərdə yabanı halda ağac və kol formasında bitərək infrastruktur obyektlərinə təhlükə yaratmaqla yanaşı, təbii kolluqlar əmələ gətirir. Bu ağac cinsi əksər hallarda şəhərsalma və tikinti qaydalarına zidd olaraq yerləşir və qanunvericilikdə nəzərdə tutulmuş ara məsafəsi tələblərini də pozur.

Tədbirdə layihələrin icrası zamanı yaşıllıqların mühafizəsi ilə bağlı ekoloji tələblərə əməl edilmənin vacibliyi bir daha diqqətə çatdırılıb, eyni zamanda aidiyyəti ekspert və mütəxəssislərin birgə razılığı ilə gələcəkdə yarada biləcəyi ciddi maneə və təhlükələri nəzərə alaraq yabanı halda bitmiş ting və kolşəkilli kiçik parametrli aylantların mütəmadi olaraq zəruri aqrotexniki tədbirlərin köməyi ilə ərazilərdən təmizlənməsi, iri diametrli ağaclar istisna olmaqla, yalnız ting və kolşəkilli aylantların inventarizasiya zamanı yaşıllıq siyahısına daxil edilməməsi, bununla da qeyd olunan aylant cinsli ağacların götürülməsinin asanlaşdırılmasına dair vahid qərar verilib.