ETSN-nin əməkdaşı UNESCAP-ın Ətraf Mühit və İnkişaf üzrə Beynəlxalq Ekspertlər Qrupunun sədri seçilib
24 İyun 2024, 10:48
BMT-nin Asiya, Sakit Okean bölgəsi üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) tərəfindən keçirilmiş seçkilərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təmsilçisi, iqlim dəyişmələri üzrə beynəlxalq ekspert Fuad Hümbətov UNESCAP-ın Ətraf Mühit və İnkişaf üzrə Beynəlxalq Ekspertlər Qrupunun sədri seçilib.
UNESCAP Azərbaycan, Türkiyə, Rusiya, Çin, Hindistan, Yaponiya, Pakistan, İndoneziya, ümumilikdə Asiya və Sakit Okean bölgəsində 53 ölkəni, o cümlədən Fransa və ABŞ-ı təmsil edir. Bölgədə makroiqtisadi siyasət, ətraf mühit, iqlim dəyişmələri və dayanıqlı inkişaf istiqamətləri üzrə üzv dövlətlərə dəstək və bu sahələr üzrə dövlətlərarası əməkdaşlığın inkişafına töhfə verir.
Qeyd edək ki, UNESCAP BMT-nin İqtisadi və Sosial Komissiyasının beş regional orqanından biri kimi Asiya, Sakit okean bölgəsində inklüziv, dayanıqlı iqtisadi və sosial inkişafın stimullaşdırılması məqsədilə 28.03.1947-ci il tarixdə yaradılıb. Bu ilin noyabr ayında Bakı şəhərində keçiriləcək COP29 beynəlxalq iqlim konfransında irəli sürüləcək bir sıra iqlim təşəbbüsləri UNESCAP ilə birgə hazırlanır.