Ekoloji turizm potensialına malik milli park incilərini ziyarət etmək, tətil günlərini ekoloji turizmə həsr etmək istərdinizmi?
09 Noyabr 2023, 18:00
Azərbaycanda 116 ekoloji turizm marşrutunu əhatə edən 10 milli park fəaliyyət göstərir.
Landşaftına, ekosisteminə görə bir-birindən fərqli təbiət abidələri sayılan milli parklar ölkəmizin bütün regionlarını əhatə edir.
Landşaftına, ekosisteminə görə bir-birindən fərqli təbiət abidələri sayılan milli parklar ölkəmizin bütün regionlarını əhatə edir.
Haçalı Kəpəz dağı, Göygöl, Maralgöl və digər füsunkarlıqları ilə zövqləri oxşayan Göygöl Milli Parkı.
Yarımsəhra landşaftının bütün gözəlliklərini özündə cəmləşdirən, xırda gölməçələrlə biomüxtəlifliyə zənginlik gətirən və quşların müşahidəsi üçün əlverişli şəraiti ilə seçilən Ağgöl Milli Parkı.
Qaranohur gölü, yüksək dağ zirvələri, şəlalələri ilə ruhumuzu dincəldən, təbiətimizin yeni sakinləri olan zubrların məskəni, xallı maralın oylağı Şahdağ Milli Parkı.
Xəzərin sahilində meşə massivini birləşdirən yeganə dəniz və meşə ekosisteminə malik Samur-Yalama Milli Parkı.
Meşə ilə örtülü dağlar silsiləsinin əhatəsində duyğularımıza hüzur verən təbiət gözəlliyinin məkanı, vəhşi faunanın ölkəmizdəki ilk və yeganə Reabilitasiya Mərkəzinin yerləşdiyi Altıağac Milli Parkı.
Dəmirağac və digər zəngin bioloji müxtəlifliyi ilə dünyanı maraqlandıran, Xanbulan gölünun əsrarəngiz mənzərəsini birləşdirən Hirkan Milli Parkı.
Azərbaycanda əsil safari mənzərəsini seyr etməyin fürsətini verən, Şirvan "gözəli" ceyranların vətəni Şirvan Milli Parkı.
Ornitofauna sevərlərin zövqünü tamamlayan, Xəzərin körfəz mənzərəsinin görüntülərinə baxmağa imkan yaranan nadir məkanlardan biri Qızılağac Milli Parkı.
Abşeron yarımadasının və Azərbaycanın materikdəki ən ucqar şərq nöqtəsi, ada və dəniz mənzərəli Şahdili burnunda gəzmək fürsəti təqdim olunan Abşeron Milli Parkı.
Batabat yaylağının məşhur ovqatı ilə xatirələr yaşadan, qayalıqları, dağ meşələri, çəmənlikləri, özünəməxsus fauna və flora zənginlikləri ilə fərqlənən Zəngəzur Milli Parkı.
Tətil günlərini ekoloji turizmə həsr edin!