Xəbərlər

“Xəzəri Qoruyaq!” adlı geniş ekoloji hərəkat başa çatıb

18 Sentyabr 2023, 17:20

Sentyabrın 16-da Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində “Xəzəri Qoruyaq!” adlı genişmiqyaslı ekoloji aksiya sona çatıb.

Ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətli yanaşma vərdişlərini təbliğ etmək məqsədilə keçirilən son aksiya onlarla dövlət və özəl qurumların əməkdaşlarının könüllü iştirakı ilə Bilgəh çimərliyində baş tutub.

Sentyabrın 1-dən 16-dək Xəzərin Xaçmaz, Lənkəran, Astara, Şabran, Siyəzən, Neftçala, Sumqayıt çimərliklərini əhatə edib Bakıda yekunlaşan aksiyada 1500 könüllü təxminən 11 hektar ərazini 5 tondan çox tullantıdan təmizləyib.

Layihənin əsas tərəfdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Coca-Cola, “EcoHub” ekoloji platforması, “Carlsberg Azerbaijan”, “PAŞA Bank”, “Bakcell”, “SOCAR” və “McDonald's” şirkətləridir.

Öz əməkdaşları və üzvləri ilə kampaniyada fəal iştirak edən təşkilatlar arasında “ASAN Könüllüləri” Təşkilatı, “Təmiz Şəhər” ASC, “Qırmızı Ürəklər” Fondu, ABŞ-ın Azərbaycandakı Səfirliyi, Azərbaycan Cüdo Federasiyası, Amerika-Azərbaycan Ticarət Palatası, ADRA, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, "LU-MUN" Holdinq, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Skautlar Assosiasiyası, Gənclərin İnkişaf və Karyera Mərkəzi, Azərbaycan Jurnalistlər Şəbəkəsi və Azərbaycanlı Tələbələr və Məzunlar Platforması olub.

Xatırladaq ki, “Xəzəri Qoruyaq!” şüarı ilə keçirilən ekoloji aksiya bütün dünyada qeyd edilən Beynəlxalq Sahilyanı Təmizlik günü çərçivəsində təşkil edilib.