Azərbaycan nümayəndə heyəti İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin sessiyasında iştirak edir
26 İyul 2023, 12:40
25-28 iyul 2023-cü il tarixlərində Keniyanın Nayrobi şəhərində İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin (İPCC) 59-cu sessiyası keçirilir. Sessiyada ölkəmizi ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyevanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Sessiya çərçivəsində Azərbaycan nümayəndə heyəti UNEP-in Erkən Xəbərdarlıq və monitorinq şöbəsinin direktoru Jian Liu ilə görüşüb. Görüş zamanı Azərbaycanda Erkən Xəbərdarlıq Sisteminin beynəlxalq standartlara çatdırılması üzrə əməkdaşlıq imkanları müzakirə edilib.
Eyni zamanda, sessiya zamanı Azərbaycan nümayəndə heyəti İPCC katibliyinin rəhbər nümayəndələri, Türkiyə, Braziliya, Rusiya, Niderland, Belçika, Makedoniya, Ukrayna, Gürcüstan, Türkmənistan nümayəndə heyətlərinin üzvləri ilə görüşlər keçirib, əməkdaşlıq perspektivləri müzakirə olunub.
Qeyd edək ki, bu sessiya iqlim dəyişmələri üzrə növbəti -yeddinci qiymətləndirmə hesabatının hazırlanması məqsədilə İPCC tərəfindən iqlim dəyişmələri üzrə dünyanın müxtəlif ölkələrinin aparıcı alimlərinin regional və gender pariteti əsasında öz sıralarına cəlb edilməsini nəzərdə tutur.