Xəbərlər

Tibbi tullantıların idarə edilməsi sahəsində yaradılmış işçi qrupun ilk iclası keçirilib

25 İyun 2023, 12:40

Tibbi tullantıların idarə edilməsi sahəsində mövcud problemlərin effektiv həlli üçün koordinasiyalı fəaliyyətin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər və Səhiyyə nazirliklərinin birgə əmri ilə yaradılmış işçi qrupun ilk iclası keçirilib.

İclasda işçi qrupun rəhbərləri ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev və səhiyyə nazirinin müavini Nadir Zeynalov, eləcə də Ekologiya və Təbii Sərvətlər, Səhiyyə, İqtisadiyyat nazirliklərinin, Dövlət Statistika Komitəsinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxsin (TƏBİB), “Təmiz şəhər” ASC-nin və digər maraqlı tərəflərin nümayəndələri iştirak edib.

Ekologiya və Təbii Sərvətlər, Səhiyyə Nazirliklərinin və TƏBİB-in nümayəndələri tərəfindən tibbi tullantıların idarə olunması sahəsində mövcud vəziyyət və görülmüş işlər, tibb müəssisələrində işləyən heyətin tibbi tullantıların idarə edilməsi üzrə bilik və bacarıqlarının artırılması planları və tibb müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tibbi tullantıların qeydiyyatının yaxşılaşdırılması tədbirləri barədə məlumat verilib. Həmçinin tibbi tullantıların müasir tələblərə uyğun zərərsizləşdirilməsi və digər məsələlər barədə geniş müzakirələr aparılıb.

İslasın yekununda Bakı şəhəri və regionlardakı tibb müəssisələri tərəfindən tibbi tullantıların idarə olunması sahəsində mövcud vəziyyətin öyrənilməsi ilə bağlı monitorinq planının hazırlanması, monitorinqlərin həyata keçirilməsi, həmçinin bu sahədə mövcud qanunvericiliyin təhlilinin aparılması, təkliflərin hazırlanıb təqdim edilməsi, tibb müəssisələrində əmələ gələn tibbi tullantıların uçotunun elektronlaşdırılması istiqamətində tədbirlərin görülməsi və işğaldan azad edilmiş ərazilərdə tibbi tullantıların səmərəli idarə olunmasının təşkil edilməsi barədə qərarlar qəbul edilib.