Ekologiya və təbii sərvətlər naziri Göyçayda vətəndaşları qəbul edib
23 İyun 2023, 13:15
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, 23 iyun 2023-cü il tarixində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Göyçay şəhər Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl nazir və Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, işlə təmin olunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.