Xəbərlər

Son zamanlar hava şəraiti ilə bağlı narahatedici xəbərlər əhalidə suallar yaradır, səbəblər müzakirə olunur.

17 İyun 2023, 09:00

Bununla bağlı bəzi məqamlara aydınlıq gətiririk.

İqlim sistemini hərəkətə gətirən müxtəlif amillər arasında El-Nunyo və La-Ninya hadisələrinin xüsusi rolu mövcuddur.

Baş verən təbii proseslər iqlim dəyişmələri fonunda keçir, buna görə də qlobal temperatur artdıqca yağıntıların fəsillik rejiminə təsir göstərir, hava şəraitinin ekstremallığı artır.

Ümumdünya Meteorologiya Təşkilatının məlumatlarına istinadən deyə bilərik ki, təbiət hadisəsi olan El-Ninyo bu yay geri dönməyə hazırlaşır.

Bu, ekvatorial Sakit okeanda okean səthinin temperaturunun dəyişməsi, onun üzərindəki atmosfer sirkulyasiyasının dəyişməsi ilə əlaqələndirilir ki, bu da dünyanın bir çox regionlarında hava və iqlim rejimlərinə əhəmiyyətli təsir göstərir.

Bu hadisə Cənubi Amerika sahillərindən Avstraliyaya qədər Sakit Okeanın tropik hissəsində yerüstü su qatının temperaturunun qısamüddətli artması deməkdir.

Atmosfer sirkulyasiyasına təsir göstərən bu hadisə müxtəlif regionlarda şiddətli qasırğaların və güclü istilərin artmasında özünü göstərir.

Bu ilin iyun ayını Azərbaycanda dəyişən iqlimlə bağlı fəsadların artması modeli kimi qiymətləndirmək olar. Bunun üçün əsas var. Çoxillik statistik məlumatlara görə, son 57 ildə ən çox sel-daşqın hadisəsi məhz bu il geydə alınıb. Belə ki, bu il artıq 45 sel hadisəsi baş verib, bu da keçən ilin rekordunu üstəliyib (2022-ci ildə 43 hadisə müşahidə olunub).

Son 10 ildə isə iyun ayında orta hesabda 3-9 hadisə qeydə alınırdısa, keçən il 18, bu ilin iyun ayının 15 günü ərzində 26 sel-daşqın hadisəsi olub.

Bu cür mənzərə həmdə qonşu ölkələrdə, o cümlədən Türkiyədə, Rusiyanın cənubunda müşahidə olunur. Ərazimizdən keçən soyuq atmosfer cəbhələri kəskinləşərək yağıntıların qeyri-bərabər paylanması ilə müşaiyyət olunur, hətta Qax rayonunda olduğu kimi bir gündə aylıq normanın 120%-i qədər yağıntı düşür.

Ümumilikdə isə yarım ay ərzində Böyük Qafqazın bəzi ərazilərində qeydə alınan yağıntının miqdarı aylıq norma göstəricilərini 2,4 dəfə aşıb. Daşkəsən-Gədəbəy zonasında 110 mm miqdarında olub.

Hətta Mərkəzi Aran zonasında Sabirabadda aylıq normanın 122, Tərtərdə 65, Yevlaxda isə 75% -i müşahidə edilib.

Dolu prosesi bu ilin iyun ayında keçən illə müqayisədə daha çox təkrarlanıb, belə ki, 1-15 iyun tarixlərində 31 dəfə dolu hadisəsi qeydə alınıb, ötən il isə 18 hadisə olub. Qəbələ və Yardımlıda dolu dənələrinin diametri 25-30 mm qeydə alınıb.

Burada qeyd etmək istərdim ki, gözlənilən əlverişsiz hava şəraiti haqqında xəbərdarlıqlar qabaqcadan müvafiq plan-sxemlər əsasında təqdim edilir, meteo.az saytında hava şəraiti ilə bağlı proqnoz və xəbərdarlıqlar daim yenilənir.

Təhlükəli atmosfer hadisələrinin artmasını biz gündəlik həyatımızda son zamanlar daha çox hiss edirik.

İqlim dəyişikliyi artıq Yer kürəsinin hər bir bölgəsinə təsir edir. Ekstremal hava, hidroloji və iqlim hadisələri insan təhlükəsizliyinə, milli iqtisadiyyatlara, şəhər və kənd mühitinə, qida və su təhlükəsizliyinə təsir göstərir. Ümumdünya meteorologiya Təşkilatının Baş Katibi professor Petteri Taalas deyib: “Dünyada baş verən bütün fəlakətlərin 90%-dən çoxunu ekstremal hidrometeoroloji təhlükələr təşkil edir”.

Təşkilatın bu il keçən Kongresində 2027-ci ilin sonuna kimi erkən xəbərdarlıq sistemləri vasitəsilə təhlükəli hava hadisələrindən qorunmanın təmin edilməsi Ümumdünya Meteorologiya Təşkilatı tərəfindən rəsmi olaraq əsas prioritet kimi tanınıb.

Ümumdünya Meteorologiya Konqresinin qətnaməsində deyilir: "Bu qətnamə Ümumdünya Meteorologiya Təşkilatının Hamı üçün Erkən Xəbərdarlıq təşəbbüsünün uğurla həyata keçirilməsinə verdiyi töhfənin ÜMT-nin 2024-2027-ci illər üçün Strateji Planında ən yüksək prioritet olacağı ilə razılaşır".

Bu səbəbdən ölkəmizdə hidrometeoroloji xidmətin potensialının artırılmasına, müasir yanaşmaların tətbiqinə xüsusi önəm verilir, dövlət investisiya layihələri çərçivəsində yeni texnoloji həllər tətbiq olunur. Bütün bunlar iqlim dəyişmələri fəsadlarına uyğunlaşma strategiyasının əsaslarını təşkil edir.