“Xəzər dənizinin akvatoriyasında külək enerjisi potensialının qiymətləndirilməsi üzrə təcrübə mübadiləsi” mövzusunda vebinar təşkil edilib.
07 İyun 2023, 13:00
Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya çərçivəsində ETSN-in Milli Hidrometeorologiya Xidmətinin təşəbbüsü əsasında Qazaxıstan Respublikasının Milli Hidrometeorologiya Xidməti (РГП "Казгидромет") ilə birgə “Xəzər dənizinin akvatoriyasında külək enerjisi potensialının qiymətləndirilməsi üzrə təcrübə mübadiləsi” mövzusunda vebinar təşkil edilib.
Vebinarda hər iki qurumun mütəxəssisləri tərəfindən Xəzər dənizində hidrometeoroloji müşahidələrin tarixi mərhələləri, iqlim dəyişmələrinin təsiri ilə bölgədə baş verən proseslər fonunda Xəzər dənizi kimi unikal ekosistemin mühafizəsinin aktuallığı, Xəzərdə yaşıl enerji potensialı, dənizin səviyyəsinin gələcək tendensiyasına dair müxtəlif ssenarilər, eyni zamanda Xəzərin akvatoriyasında aparılan monitorinq məsələlərinə dair təqdimatlar göstərilib.
Yekunda Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya çərçivəsində Xəzər dənizinin ekoloji problemləri, iqlim dəyişmələri ilə mübarizə və digər sahələrdə əməkdaşlığın davam etdirilməsi, eyni zamanda qeyd olunan istiqamətlərdə müzakirələrin, birgə elmi araşdırmaların aparılması barədə razılıq əldə edilib.