Xəbərlər

Dünya Ətraf Mühitin Mühafizəsi Günü Altıağac Milli Parkında qeyd olunub

06 İyun 2023, 16:15

Hər il 5 iyun Dünya Ətraf Mühitin Mühafizəsi Günü ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə edilməsi, bioloji müxtəlifliyin qorunub saxlanılması üçün təbliğat xarakterli müxtəlif tədbirlər həyata keçirir. Ənənəyə sadiq qalaraq bu dəfə də Nazirliyin təşəbbüsü ilə bu təqvim günü ilə əlaqədar Giləzi-Xızı magistral avtomobil yolunun kənarında təmizlik aksiyası keçirilib.

Aksiyada Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının, diplomatik korpus nümayəndələri, ETSN-nin əməkdaşları, məktəblilər, könüllülər iştirak edib.

Təmizlik aksiyasından sonra iştirakçılar Altıağac Milli Parkı ərazisində tədbirə qoşulublar. Tədbirdə Bakı Oksford məktəbinin, Elitar gimnaziyanın, Akademik Zərifə Əliyeva adına liseyin, 269 və 62 nömrəli məktəblərin şagirdləri ekoloji fəaliyyətin müxtəlif sahələri üzrə layihələrini təqdim edib, ölkəmizin ətraf mühitinin qorunması, əhali arasında ekoloji məsuliyyətin artırılması ilə bağlı müxtəlif fikirlər irəli sürüblər.

Sonra isə şagirdlərin iştirakı ilə ustad dərsi təşkil olunub və təbiətdə parçalanması əsrlər alan plastik tullantılardan müxtəlif bəzək əşyaları hazırlanıb.