“Dünya Ətraf Mühitin Mühafizəsi Günü”ndə çay sahilləri tullantılardan təmizlənib
05 İyun 2023, 13:15
5 iyun “Dünya Ətraf Mühitin Mühafizəsi Günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Meliorasiya və Su Təsərrüfatı ASC-nin, Qida Təhlükəsizliyi Agentliyinin, Dövlət Aqrar İnkişaf Mərkəzinin, rayon icra hakimiyyətlərinin dəstəyi ilə təmizlik aksiyaları keçirilib.
Bu dəfə respublikanın bir sıra bölgələrində sözügedən qurumların əməkdaşlarının və könüllülərin iştirakı ilə çay sahilləri müxtəlif tullantılardan təmizlənib. Toplanmış plastik və digər tullantılar aidiyyəti üzrə daşınıb.
Təmizlik aksiyalarının keçirilməsində məqsəd sahilyanı ərazilərin daimi təmizliyini təmin etmək, təbiət ərazilərində əhali tərəfindən təmizliyə riayət olunmasını təbliğ və təşviq etmək, müəyyən olunmayan ərazilərə məişət tullantıları atılmasının qarşısını almaq və ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ətraf mühitin mühafizəsinə yönələn bu cür tədbirlərdə fəal iştirak etməyə, ətraf mühitə qayğı və həssas münasibət göstərməyə çağırır.
Xatırladaq ki, 5 iyun 1972-ci il tarixində Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçin paytaxtı Stokholm şəhərində keçirilən iclasında 5 iyun tarixinin “Dünya Ətraf Mühitin Mühafizəsi Günü” kimi qeyd olunmasına qərar verilib. Hər il bir deviz altında keçirilən “Dünya Ətraf Mühitin Mühafizəsi Günü”nün builki şüarı “Plastik çirklənməyə qalib gəl: Ekosistemin bərpası”dır.