“Tullantıları ekoçantaya dəyiş” aksiyası zamanı ümumi tutumu 755 litr olan plastik, 24 litr şüşə tullantı, 157 ədəd isə işlənmiş batareya təhvil verilib
30 May 2023, 13:00
29 may tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə Xətai rayonu, Əhmədli qəsəbəsindəki Bravo hipermarketin qarşısında “Tullantıları ekoçantaya dəyiş” aksiyası keçirilib.
Aksiya zamanı ümumi tutumu 755 litr olan plastik, 24 litr tutumu olan şüşə tullantı və 157 ədəd işlənmiş batareya təhvil verilib və əvəzində iştirakçılara ekoçanta təqdim olunub.
Hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa, polietilen paketlərdən istifadəni azaltmağa, ekoloji cəhətdən təmiz çantalardan istifadə etməyə çağırırıq.
Qeyd edək ki, “Tullantıları ekoçantaya dəyiş” aksiyası mövsüm boyu davam edəcək və növbəti aksiyaların keçiriləcəyi ərazi və tarix barədə elan öncədən Nazirliyin saytında (eco.gov.az) və sosial şəbəkə hesablarında paylaşılacaq.