Xəbərlər

“Ekoloji Triada” aksiyası keçirilib

25 May 2023, 14:15

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Dənizkənarı Bulvar İdarəsi, EkoSfera SEM İB-nin birgə əməkdaşlığı ilə 24 may 2023-cü il tarixində məktəblilər üçün “Ekoloji Triada” aksiyası çərçivəsində silsilə tədbirlər keçirilib.

Aksiya üç ekoloji əhəmiyyətli günə – 22 may – Beynəlxalq Biomüxtəliflik Günü, 23 may – Azərbaycan Ekoloqlar Günü və 24 may – Avropa Milli Parkları Gününə həsr olunub.

3 gün ərzində davam edən aksiyada “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində fəaliyyət göstərən Ekoklubların liderləri və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin müxtəlif profilli dərnəklərinin 300-ə yaxın üzvü iştirak ediblər.

24 may 2023-cü il tarixində Avropa Milli Parklar günü ilə əlaqədar Dənizkənarı Milli Parkda baş tutan tədbirdə mütəxəssislər tərəfindən hazırlanan “Milli Parklar arasında fərqi tap!” adlı maarifləndirici aksiya keçirilib. Aksiya zamanı məktəblilər üçün müasir ekoloji problemlər, Azərbaycanın biomüxtəlifliyi və milli parklar (təbii və insanyönümlü MP) haqqında ətraflı müzakirələr aparılıb və oyunlar təşkil olunub.

Sonda gənc ekoloqları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, məktəblilər üçün “Ekoloji Triada” aksiyası 2018-ci ildən etibarən keçirilir.