1-12 may tarixlərində İsveçrənin Cenevrə şəhərində ətraf mühit üzrə Bazel, Rotterdam və Stokholm Konvensiyaları tərəflərinin konfransı keçirilib.
17 May 2023, 17:20
Üzv dövlətlərin, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının, bu sahədə fəaliyyət göstərən Avropa və beynəlxalq qeyri-hökumət təşkilatları nümayəndələrinin qoşulduğu tədbirdə Azərbaycandan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi və Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edib.
Konfransda plastik, elektron, nano tullantılarla yanaşı, digər təhlükəli tullantıların əmələ gəlməsinin və sərhədlərarası qanunsuz daşınmasının qarşısının alınması, plastik maddələrin tətbiqinin məhdudlaşdırılması, onların ətraf mühitə və su hövzələrinə təsirinin azaldılması və təhlükəsiz idarə edilməsinin vacibliyi vurğulanıb.
Azərbaycanın nümayəndə heyəti beynəlxaq konvensiyaların müddəalarına əsaslanan yerli qanun və normativ hüquqi aktlar çərçivəsində görülən tədbirlər barədə iştirakçılara məlumat verib.
175 ölkənin nümayəndələrinin iştirak etdiyi konfransda Azərbaycan nümayəndə heyəti konvensiyaların prezidentləri və katiblik nümayəndələri ilə ikitərəfli görüşlər keçirib, gələcək tərəfdaşlığa dair fikir mübadiləsi aparılıb.