15 may Beynəlxalq İqlim Günüdür
15 May 2023, 11:00
İqlim planetimizdə həyatın keyfiyyətinə həlledici təsir göstərən mühüm təbii amildir. Hər il 15 may tarixi dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur.
Bu günün qeyd edilməsində əsas məqsəd cəmiyyətin diqqətini indiki və gələcək nəsillərin rifahına təsir edən və əhəmiyyətli resurs olan iqlimin müdafiəsinə yönəltməkdir.
İqlimin qorunması hazırda bəşəriyyət qarşısında duran qlobal problemlərdən biridir. Qlobal istiləşmə, təbii fəlakətlər, quraqlıq, planetin hava şəraitinin dəyişməsi Yer kürəsinin iqliminin dəyişməsinə səbəb olur. Nəticədə insanların ərzaq və mülki təhlükəsizliyi sual altında qalır, təbii resursların vəziyyətinə və dövlətlərin dayanıqlı inkişafına mənfi təsir göstərir.
Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını, 2000-ci ildə isə Konvensiyanın Kioto protokolunu ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Ölkəmiz Paris Sazişini 2016-cı ilin oktyabrında ratifikasiya edib.