“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 1 il ərzində ümumilikdə 540 kq işlənmiş batareya toplanılıb.
02 May 2023, 16:00
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində dünən Nəsimi rayonu “Spar” mağazası və Azercell baş ofisindən ümumilikdə 42 kq işlənmiş batareya toplanılaraq "Təhlükəli Tullantılar" MMC-yə təhvil verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Qırmızı Ürəklər” Fondu tərəfindən 1 may 2022-ci il tarixində start verilən layihə çərçivəsində 1 il ərzində ümumilikdə 540 kq işlənmiş batareya toplanılıb.
Bu müddət ərzində ən çox batareya təhvil verilən ilk 3 məntəqə:
- Bravo 20 yanvar filialı - 116 kq
- Bravo 28 Mall filialı - 64 kq
- Lankaran Springs Hotel - 63 kq
Hazırda müxtəlif dövlət qurumlarında, nazirlik və dövlət komitələrində, marketlər şəbəkələrində, ali və orta ixtisas təhsil müəssisələrində, banklarda və otellərdə bu cür qutular yerləşdirilərək layihəyə dəstək verilir.
Bu prosesə töhfə verən bütün vətəndaşlara təşəkkür edirik. Hər kəsi tullantıların çeşidlənməsi qaydalarına riayət etməyə, təhlükəli və istifadəyə yararsız olan batareyaların məişət tullantılarına qarışdırılmasına yol verməməyə və batareyalar üçün ayrılan xüsusi qutulardan istifadə etməyə çağırırıq.