“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi” mövzusunda Şəki və Oğuz rayonlarında maarifləndirici tədbirlər keçirilib.
01 May 2023, 16:00
26-27 aprel tarixlərində keçirilən tədbirlərdə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, İqtisadiyyat Nazirliklərinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, “Azərenerji” ASC-nin, Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin əməkdaşları, icra və bələdiyyə nümayəndələri, aidiyyəti dövlət orqanlarının yerli qurumlarının mütəxəssisləri, Sudan İstifadəedənlər birliklərinin səlahiyyətli şəxsləri, eləcə də rayon ictimaiyyəti iştirak edib.
Görüşlər zamanı Əlicançay su anbarının yaradılması nəticəsində regionun sosial-iqtisadi inkişafına gözlənilən müsbət təsirlər, habelə su anbarının xidmət sahələrində sudan səmərəli istifadə üzrə mütərəqqi suvarma texnologiyaların tətbiqi ilə bağlı məlumat-təşviqat işləri aparılıb, mövcud problemlər və onların aradan qaldırılması ilə bağlı təkliflər müzakirə edilib, iştirakçıların sualları cavablandırılıb.
Su ehtiyatlarından səmərəli istifadə mövzusunda tədbirlər davam etdiriləcək.