Xəbərlər

“Bir damcı” kampaniyası çərçivəsində işlər uğurla davam etdirilir

16 Aprel 2023, 16:05

Ölkə əhalisinin diqqətini sudan səmərəli istifadə vərdişlərinə yönəldən “Bir damcı” kampaniyası çərçivəsində işlər uğurla davam etdirilir. Bu dəfəki fəaliyyətin əsas məqsədi paytaxt və ətraf qəsəbələrdə yerləşən ümumtəhsil məktəblərinin aşağı sinif şagirdləri arasında geniş maarifləndirmə işinin təşkilidir.

Bu məqsədlə layihənin təşkilatçıları T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi, RUGİM, 160 saylı klassik gimnaziya, 154 saylı və 87 saylı tam orta məktəblərə səfər edərək 3-6-cı sinif şagirdləri ilə görüşlər keçirib, sudan qənaətlə istifadənin vacibliyi barədə təqdimatlarla çıxış ediblər.

Görüşlərin 15 aprel – Ekoloji Bilik Günü ərəfəsində təşkil olunması məktəblilər arasında təbii resursları qorumağın vacibliyini təbliğ etməkdir.

Təqdimat zamanı şagirdlər kampaniyanın məqsədi, sudan səmərəli istifadənin vacibliyi, gündəlik həyatda qənaət yolları, gələcəkdə bizi gözləyə biləcək təhlükələr barədə məlumatlandırılıb. Məktəblilərin görüşünə əliboş getməyən layihə iştirakçıları onlara sudan düzgün istifadənin əhəmiyyəti barədə biliklər toplusu olan “Bir Damcı” kitabı və müxtəlif hədiyyələr təqdim ediblər.

Şagirdlərlə görüşlərdə təşkilatçılar layihə çərçivəsində təşkil olunan rəsm müsabiqəsi barədə də məlumat verib, onları bu müsabiqəyə cəlb etməklə hədiyyə qazanmağa və öz yaradıcılıqlarını nümayiş etdirməyə həvəsləndiriblər.

Növbəti günlərdə də davam edəcək görüşlər 20 məktəbdə Elm və Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən ekoklub üzvlərini əhatə edəcək. Qeyd edək ki, bundan əvvəl də layihə çərçivəsində məktəblərdə maarifləndirmə məqsədli posterlər asılmışdı.