Xəbərlər

Xəzər dənizində ekoloji monitorinqlər başa çatıb

19 Aprel 2023, 09:10

Xəzər dənizinin Azərbaycan sektorunda Əlif Hacıyev adına elmi-tədqiqat gəmisi ilə keçirilən ekoloji monitorinqlər başa çatıb. Ekologiya və Təbii Sərvətlər, Elm və Təhsil nazirlikləri, Dövlət Neft Şirkəti və Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının mütəxəssislərindən ibarət ekspedisiya qrupu tərəfindən keçirilən monitorinqlər zamanı Xəzər dənizinin hidrobioloji və hidrokimyəvi vəziyyəti öyrənilib, hidrometeoroloji ölçmələr aparılıb.

Bunu ekspedisiya qrupunun rəhbəri, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, monitorinqlər zamanı 19 məntəqə üzrə su, zooplankton, bentos və dib çöküntüsü olmaqla 208 nümunə götürülüb, su bioloji resurslarının ehtiyatları öyrənilib, quşların miqrasiyasının vizual müşahidəsi aparılıb.

“Eyni zamanda, ekspedisiya qrupu tərəfindən yerli və xarici şirkətlərin neft-qazçıxarma müəssisələrinə aid özül və platformalar ətrafında, Cənub-Şərqi Qoltuq, Kür dili və Lənkəran məntəqələrində də tədqiqatlar keçirilib”.