Beynəlxalq təşkilatların nümayəndələri ağac əkməklə təbiətə töhfə verib
06 Aprel 2023, 19:57
Milli Su Siyasəti Dialoqunun növbəti görüşündə iştirak üçün ölkəmizdə səfərdə olan BMT-nin Avropa İqtisadi Komissiyası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Avstriyanın Ətraf Mühit Agentliyi, Beynəlxalq Təbiəti Mühafizə İttifaqı və Fransanın Beynəlxalq Su Ofisinin nümayəndələri, eyni zamanda Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin və bir sıra dövlət qurumlarının əməkdaşları Xocəsən gölü ətrafında həyata keçirilən ekoloji bərpa tədbirləri ilə tanış olub.
Tədbirin proqramına uyğun olaraq “Təbiət Əsaslı Həllər” (Nature Based Solutions) yanaşması tətbiq etməklə həyata keçirilən ekoloji bərpa tədbirlərinə nümunə kimi Xocəsən gölünün ətrafında aparılan yaşıllaşdırma tədbirləri barədə iştirakçılara məlumat verilib.
Tədbirin proqramına uyğun olaraq “Təbiət Əsaslı Həllər” (Nature Based Solutions) yanaşması tətbiq etməklə həyata keçirilən ekoloji bərpa tədbirlərinə nümunə kimi Xocəsən gölünün ətrafında aparılan yaşıllaşdırma tədbirləri barədə iştirakçılara məlumat verilib.
Gölün ətrafında 201 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 160 mindən çox ağacın əkilməsi, yaşıllıqların suvarılmasında Xocəsən gölünün suyunun mexaniki təmizlənərək müasir damcılı suvarma sistemi vasitəsilə yenidən istifadəsi diqqətə çatdırılıb. Ərazidə görülən işlər iştirakçılar tərəfindən maraqla qarşılanıb və ətraf mühitə ayrılan diqqət yüksək qiymətləndirilib.
Daha sonra həyata keçirilən tədbirlərə dəstək olaraq beynəlxalq ekspertlər tərəfindən ərazidə Eldar şamı, zeytun və oleandr ağacları əkilib.
Qeyd edək ki, 5-6 aprel tarixlərində Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Avropa İttifaqı Ətraf Mühit Naminə (EU4Environment) Proqramının Su və Ekoloji Məlumatlar fəaliyyəti çərçivəsində Su Ehtiyatlarının Səmərəli İdarə edilməsi ilə bağlı Milli Su Siyasəti Dialoqunun növbəti görüşü keçirilib.