Xəbərlər

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin məlumatı

06 Aprel 2023, 14:00

Bioloji Müxtəlifliyin Qorunması və Dövlət Ekoloji Təhlükəsizlik xidmətlərinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, araşdırma zamanı brakonyerlərin Cəlilabad rayon sakinləri Mirqoca və Tahir Kərimovlar olduğu müəyyən edilib. Onlardan istifadəsi qadağan olunmuş ov alətləri, 360 metr uzunluğunda 18 ədəd sintetik tor götürülüb.

“Faktla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb”.

Xidmət rəisi qeyd edib ki, eyni zamanda, keçirilən nəzarət tədbirləri zamanı Qızılağac Milli Parkının "Kiçik Körfəz" adlanan ərazisindən 432 metr uzunluğunda sintetik tor yığışdırılıb.

“Vətəndaşlarımızı ETSN tərəfindən start verilən "Hövzələri sintetik torlardan birlikdə təmizləyək" aksiyasında fəal iştirak etməyə, su hövzələrində rast gəldikləri sintetik torlar barədə Nazirliyin rəsmi sosial şəbəkə hesablarına və teleqram qrupuna dəqiq koordinatları göstərməklə məlumat verməyə və balıq ehtiyatlarının mühafizəsinə dəstək olmağa çağırırıq”.