Xəbərlər

Xəzər dənizində növbəti kompleks ekoloji monitorinqlərə başlanıldı

04 Aprel 2023, 11:25

Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi Xəzər dənizinin Azərbaycan bölməsində növbəti kompleks ekoloji monitorinqlərin aparılması üçün bu gün, aprelin 4-də yenidən dənizə çıxıb.

Ekspedisiya qrupunun rəhbəri, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov bildirib ki, Ekologiya və Təbii Sərvətlər, Elm və Təhsil nazirlikləri, Dövlət Neft Şirkəti və Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının mütəxəssislərindən ibarət ekspedisiya qrupu tərəfindən aprel ayının 14-dək dənizdə kompleks tədqiqatlar və monitorinqlər keçiriləcək.

“Monitorinqlər zamanı 19 məntəqə üzrə su, qrunt, dib çöküntüləri, zooplankton, bentos və hava nümunələri götürüləcək, hidrometeoroloji ölçmələr aparılacaq və biomüxtəliflik tədqiq ediləcək”.