Xəbərlər

Novruz bayramının sonuncu çərşənbəsinda hava

14 Mart 2023, 15:15

Bu gün Azərbaycanda İlaxır çərşənbə – Torpaq çərşənbəsidir. İlaxır çərşənbə hər il ölkəmizdə təntənəli şəkildə qeyd olunur.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, Torpaq çərşənbəsi torpağın oyanması, canlanması anlayışları ilə əlaqədardır. Belə ki, bu vaxtdan etibarən havanın temperaturu yüksəlməyə, torpaq oyanmağa başlayır.

“Bir neçə gündür ki, ölkə ərazisində sabit, mülayim hava şəraiti üstünlük təşkil edir, yüksək temperatur rejimi qeydə alınır. Hazırda Bakıda və Abşeron yarımadasında temperatur iqlim normasından 9 dərəcə yüksəkdir. Keçən il isə Torpaq çərşənbəsində havanın temperaturu iqlim norması daxilində olub”.

G.Məmmədova qeyd edib ki, bu il Bakıda və Abşeron yarımadasında, eləcə də, bəzi bölgələrdə havanın temperaturu 25-28 dərəcəyədək yüksəlib.

“Çoxillik müşahidə məlumatlarına əsasən, son 10 ilin Torpaq çərşənbəsində ən güclü külək 2014-cü ildə qeydə alınıb, şimal-qərb küləyinin maksimal sürəti 30 m/san-yə çatıb”.

Xidmət rəsmisinin sözlərinə görə, martın 14-də Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraiti 15-i gecə saatlarınadək davam edəcək, 15-i gün ərzində havanın əsasən yağmursuz keçəcəyi, mülayim cənub küləyinin əsəcəyi gözlənilir.