Xəbərlər

Qanunsuz ov edən şəxslər cəzalandırılıb

09 Mart 2023, 10:40

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri, Xaçmaz və Astara rayonları akvatoriyasında, Kür çayında və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Naxçıvan şəhər sakini Ramil Qurbanov, Şabran rayon sakini Fəxrəddin Bağırov, Yevlax rayon sakinləri Zülfü və Fariz Qarayevlər, Astara rayon sakini Şamil Həsənov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

“Ölkə ərazisində keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 560 metr uzunluğunda 7 ədəd sintetik tor yığışdırılıb”.

“Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.