Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

21 İyul 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-70, Kiçik Qafqazın çaylarında 50-130, Lənkəran-Astara bölgəsi çaylarında 50-90, Naxçıvan MR çaylarında isə 110 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət

İyulun 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 82 m3/s olmaqla ongünlük normanın 54 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm iki dəfə çox olmaqla 190 m3/s və ongünlük normanın 124 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 35 m3/s olmaqla, ongünlük normanın 40 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 66 m3/s təşkil edərək ongünlük normanın 75 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

İyulun 21-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Salyanda 6 sm artım, Şirvanda 2 sm azalma qeydə alınıb, Bankədə və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 295 sm (2013-cü il iyulun 21-də 324 sm), Şirvanda 131 sm (2013-cü il iyulun 21-də 153 sm), Salyanda 63 sm (2013-cü il iyulun 21-də 95 sm), Bankədə 205 sm (2013-cü il iyulun 21-də 217 sm), Araz çayının Novruzlu məntəqəsində isə 16 sm (2013-cü il iyulun 21-də 47 sm) təşkil edir.