Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 15-ci kilometrliyində ağacəkmə aksiyası keçirilib
24 Dekabr 2015, 00:00
24 dekabr 2015-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun kənarında salınmış yaşıllıq sahələrinin davamı olaraq, 15-ci kilometrlikdə çirklənmədən və bataqlıqdan təmizlənmiş yeni ərazilərdə ağacəkmə aksiyası keçirilib.
Aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə Qeyri-Hökumət Təşkilatları, ictimaiyyət və Kütləvi İnformasiya Vasitələrinin ümumilikdə 1000-nə yaxın nümayəndəsi iştirak edib. 5 hektar ərazidə yeni yaşıllıq sahəsi salınıb, təzə əkilən ağaclar suvarılıb, Nazirliyin daxili imkanları hesabına yeni salınmış 25 hektar ərazidəki yaşıllıqlara isə aqrotexniki qulluq göstərilib. Aksiyanın keçirilməsində məqsəd yaşıllıqların salınması, onlara qulluq göstərilməsinin ictimailəşdirilərək təşviq edilməsi və insanların ətraf mühitin mühafizəsinə diqqətinin artırılmasıdır.
Ümumiyyətlə isə son bir neçə ildə ölkədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ekoloji tarazlığın qorunmasına göstərdiyi xüsusi diqqətin və daimi qayğının nəticəsində indiki zamanlara qədər görünməmiş miqyasda meşə və yaşıllıq sahələri salınıb. Son 10 ildə 103 min hektar sahədə meşəbərpa işləri aparılıb və yeni meşələr salınıb, 80 milyon ədəd ağac yetişdirilib. Paytaxtda və Azərbaycanın bütün bölgələrində meşə fonduna daxil olmayan torpaqlarda 21 milyondan artıq ağac əkilib, yaşıllıq zolaqları salınıb. O cümlədən Ölkə başçısının tapşırığı əsasında 5 ildə təkcə magistral avtomobil yollarının ətrafında, Bakı və Bakı ətrafındakı arid sahələr və aşağı keyfiyyətli torpaqlarla əhatə olunmuş ərazilərdə, həmin torpaqların təmizlənərək yararlı vəziyyətə gətirilməsindən sonra müasir metodlara əsaslanan irimiqyaslı yaşıllaşdırma layihələri həyata keçirilib, 4 min hektara yaxın ərazidə 4 milyon 711 min ədəd ağac əkilib. Onların suvarılması üçün 10,8 min kilometr uzunluğunda müasir damcılı suvarma sistemi yaradılıb. Respublika Prezidenti cənab İlham Əliyevin xüsusi göstərişi əsasında yaşıllıqların salınmasında həm ekoloji, həm də iqtisadi faydası olan zeytun ağaclarından istifadə olunub və son 5 ildə 2700 hektar ərazidə 1 milyon 240 min ədəd zeytun ağacı əkilib. Bunun hesabına da indi zeytun sahələri tarixən Azərbaycanda mövcud olmuş zeytunla örtülü ərazilərlə müqayisədə 3 dəfədən çox artıb.