Şirvan şəhərində keçirilən ağacəkmə aksiyası zamanı 3 mindən çox Eldar şamı və sərv ağacı əkilib
21 Dekabr 2019, 12:12
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başladılan payız ağacəkmə kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası Şirvan şəhərində keçirilib.
Aksiyada rayon gəncləri, nazirliyin, Şirvan Şəhər İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edərək 3 mindən çox Eldar şamı və sərv ağacı əkiblər.
Gənclər ağac əkərək şəhər ərazisində yaşıllıqların artırılması işinə töhfə vermələrindən qürur duyduqlarını bildirib, bütün gəncləri ətraf mühitin mühafizəsində, yeni yaşıllıqların salınmasında və qorunmasında birgə fəaliyyətə səsləyiblər.
Şirvan şəhər gənci Heydər Cəfərov bildirib ki, digər həmyaşıdları ilə birgə ağacəkmə aksiyasında həvəslə iştirak ediblər: “Əkilən hər bir ağacın bizim sağlamlığımız üçün necə faydalı olduğu haqqında məlumatlıyıq. Şəhərimizdə ağacəkmə aksiyasının keçirildiyini eşidəndə tərəddüd etmədən qoşulduq. Bugünkü aksiya zamanı əkdiyimiz ağacları daim diqqətdə saxlayacaq, onlara vaxtlı-vaxtında qulluq edəcəyik”.
Şəhərin digər gənci Firuzə Babayeva bildirib ki, belə aksiyalar hər kəsi ətraf mühiti sevməyə, ağac əkməyə, yaşıllıqları qorumağa səsləyir: “Ağacların, yaşıllıqların sayının çoxluğu ətraf mühitin daha da sağlam olması, atmosfer havasının oksigenlə daha bol olması deməkdir. Şəhərimizdə keçirilən ağacəkmə aksiyasında iştirak etməkdən məmnunuq. Zənnimcə, insanlar ağac əkdikcə onu kəsməyə də qıymayacaqlar, nəticədə bir neçə ildən sonra yaşıllıqlar ölkəmizin füsunkar təbiətini daha da cəlbedici edəcək”.
F.Babayeva gəncləri belə faydalı təşəbbüslərdə aktiv iştirak etməyə, sağlam gələcəyimiz naminə ağac əkməyə, onlara qulluq etməyə, yaşıllıqları qorumağa çağırıb.