Göy-göl Milli Parkı

Göygöl və onun ətrafında yayılmış meşələr öz zənginliyi və füsunkarlığı ilə dünyada məşhurdur. 
Göygöl təbiətinin gözəlliyi sayəsində daima diqqəti cəlb etmiş və XX əsrin əvvəllərində - 1910-1912-ci illərdə ərazidə qoruq yaradılması məsələsi qaldırılmışdır. 1925-ci ildə Azərbaycan Respublikasının ərazisində ilk qoruq olan Göygöl  Dövlət Təbiət Qoruğu yaradılmışdır. Sonralar qoruq ləğv edilmiş və ictimaiyyətin arzu və təkliflərinə əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 14 iyul 1965-ci il tarixli 475 nömrəli Qərarına əsasən yenidən təşkil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 01 aprel 2008-ci il tarixli Sərəncamına əsasən Göygöl Dövlət Təbiət Qoruğunun və Azərbaycanın Xanlar (indiki Göy göl), Daşkəsən və Goranboy rayonlarının inzibati ərazilərində Göygöl Milli Parkı yaradılmışdır. Sahəsi 6739 hektar olan Göygöl Dövlət Təbiət Qoruğu Milli Park statusu aldıqdan sonra, onun ərazisi artırılaraq, 12 755 hektara çatdırılmışdır.
Göygöl Milli Parkı zəngin bitki örtüyünə malikdir.Burada dağ-meşə, dağ-bozqır, subalp və alp dağ-çəmən bitki ekosistemləri yayılmışdır. 1100-2200 m hündürlükləri əhatə edən dağ meşələri çox zəngin olub, 80-ə qədər ağac və kol növünə malikdirş Meşələrin əsas hissəsini kiçik yarpaqlı ağaclardan şərq fısdığı, şərq palıdı, Qafqaz vələsi, tozağacı adi göyrüş, itiyarpaqlı ağcaqayın, cökə, iynəyarpaqlı ağaclardan isə, Kox şamı (qarmaqvari şam) təşkil edir. Kol bitkilərindən zoğal, zirinc, itburnu, əzgil, gərməşov, böyürtkən və s. yayılmışdır. Ot bitkilərindən Qafqaz bənövşəsi, alp dişəsi, Steven zəncirotu, xırdaçiçəkli ziboldiya, zəngçiçəyi, çobanyastığı, şırımlı topal, ağbığ, qırtıc və s. göstərmək olar. Bu növlər ən çox subalp çəmənliyində yayılmışdır. 
Milli parkın ərazisinin 2000-ə qədər hündürlüyü əhatə etməsi, müxtəlif bitki formasiyalarının bir-birinə əvəz etməsi, ərazinin ümumi coğrafi mövqeyi burada heyvanlar aləminin də xeyli zənginliyinə şərait yaratmışdır.
Göygöl Milli Parkının ərazisində məməli heyvan növlərindən Qafqaz maralı, cüyür, qonur ayı, təkə, porsuq, meşə pişiyi, samur, vaşaq, daşlıq dələsi, gəlincik, adi kirpi,tülkü, Radde qonurdişi, Qafqaz köstəbəyi, ağqarın ağdiş və s., quş növlərindən bildirçin, meşə göyərçini, adi qur-qur, meşə cüllütü, göl qağayısı, toğlugötürən, qara kərkəs, leşyeyən, iri yapalaq, bayquş, qu quşu, qara ağacdələn, sarıköynək, meşə torağayı, çil qaratoyuq və s. yayılmışdır. Milli parkın ərazisində nadir növlər olan Qafqaz maralı, Göy göldə isə farel balığı qorunur.
Göygöl Milli Parkında təbiət gözəlliyinin rəngarəngliyi, bitki və heyvanlar aləminin zənginliyi ekoturizm fəaliyyətinin təşkili və inkişafına, o cümlədən, əraziyə böyük sayda yerli və xarici turistlərin cəlb edilməsinə şərait yaradacaqdır.

Əsasnamə

Göy-göl Milli Parkı haqqında Ə S A S N A M Ə

23.67 KB