Hidrometeorologiya

Avtomat hidroloji stansiyalar

Respublika çaylarında ən müasir avtomat hidroloji stansiyalar istismara verilib.

Ölkədə su ehtiyatlarının monitorinqi və qiymətləndirilməsi son zamanlaradək daxili və tranzit çaylarda və su anbarlarında fəaliyyət göstərən 88 hidroloji məntəqələrdə ənənəvi üsulla müşahidəçilər tərəfindən aparılırdı. 

Bu prosesin təkmilləşdirilməsinə, aparıcı ölkələrdə tətbiq olunan texnologiyaların tətbiqinə ehtiyac yaranmışdır.

İqlim dəyişmələri səbəbindən azalan su ehtiyatlarının dəqiq uçotunun aparılması günün tələbinə çevrilmişdir.

2020-ci il iyulun 27-də isə ölkə Prezidentinin Sərəncamı ilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün TƏDBİRLƏR PLANI”nın icrası ilə bağlı 2020-ci ildən başlayaraq hidroloji şəbəkənin modernləşdirilməsi və müşahidələrin keyfiyyətinin artırılması məqsədilə  ölkənin əsas çaylarında Dövlət ivestisiya hesabına 17, Avropa İttifaqının Su Təşəbbüsü layihəsi çərçivəsində isə 8 məntəqədə su sərfi və səviyyəsini ölçən, sensorlarla təchiz edilmiş ən müasir avtomat hidroloji stansiyalar quraşdırılmışdır. Hal-hazırda onlardan 6-sı Kür çayı, 3-ü Araz çayı üzərində (2-si Naxçıvan MR-da), qalanları isə ölkənin digər çaylarında onlayn rejimdə monitorinqlər aparılır.

Avtomat stansiyaların lazımi standartlara uyğun fəaliyyətini təmin etmək üçün mütəxəssislərimiz tərəfindən də hərtərəfli hazırlıq işləri aparılmışdır. Bunlardan, hər bir məntəqədə müvafiq metodologiyaya uyğun olaraq, nazirliyin Kartoqrafiya və Geodeziya MMC-si tərəfindən topoqrafik işlər görülmüş, reperlər qurulmuş, məntəqənin səviyyə sistemi qlobal şəbəkəyə uyğunlaşdırılmışdır.

Eyni zamanda nazirliyin aparıcı hidroloqları çayların en kəsiyinin profilini çıxararaq cihazların idarəetmə sisteminə daxil etməklə avtomat stansiyaların yerli şəraitə uyğunlaşdırılmasını təmin etmişdirlər. Bu isə inkişaf etmiş ölkələrdə aparıcı təcrübəyə əsasən çayların sululuğunun dəqiq uçotunun aparılmasına və sudan səmərəli istifadəyə zəmin yaradır.

Avtomat stansiyalar çaylarda su ehtiyatlarının vəziyyətini istənilən an qiymətləndirməklə yanaşı, eyni zamanda gün ərzində çayda baş vermiş dəyişiklikləri quraşdırılmış videokamera vasitəsilə də izləmək imkanı verir.

İşğaldan azad olunmuş ərazilərdə müşahidələrin bərpası üçün 2022-ci ildən başlayaraq ilkin mərhələdə 10 çayda (Tərtərçay, Levçay, Xaçınçay, Qarqarçay, Həkəriçay, Zabuxçay, Bərgüşadçay, Oxçuçay, Bəsitçat, Araz) olmaqla 11 ədəd avtomat hidroloji stansiyanın quraşdırılmasına  start verilmişdir.

Avtomat stansiyalar fəaliyyətə başladıqdan sonra müşahidə məlumatları bərpa olunacaq, müşahidələrin keyfiyyəti artırılacaq, həmin məntəqələrdə fasiləsiz monitorinqlərin aparılması, təhlükə yarada bilən hidroloji hadisələrin izlənilməsi, intensivliyinin müəyyən edilməsi, xüsusilə sel və daşqın hadisələrinə dair proqnozların səmərəliyini artırması sahəsində imkanlarımızı genişləndirəcəkdir. Eyni zamanda  ərazidən axan yerli və tranzit çayların müşahidə məlumatları əsasında bölgənin su ehtiyatlarının dəyişməsi qiymətləndiriləcəkdir.


Avtomat hidroloji stansiyaların fotoşəkilləri

Qanıx-Cəlayir

Kür-Qıraqkəsəmən

Kür-Qarağacı

Kür-Zərdab

Katexçay-Qəbizdərə

Kürəkçay-Toğana