Hidrometeorologiya

Hidroloji müşahidələr

Azərbaycanda ilk hidroloji müşahidələr 1880-ci ildə Kür çayının Salyan məntəqəsində aparılmışdır. Çay axını üzərində stasionar müşahidələr isə əsasən 1925-ci ildən sonra başlamışdır. Ölçmə məntəqələrinin sayı ildən-ilə artmağa başlamışdır. Hidroloji stansiya və məntəqələr şəbəkəsinin genişlənməsi hidoroloji müşahidələrin təşkilinə və aparılmasına geniş imkanlar yaratmışdır.

Hər gün gündə 2 dəfə suyun səviyyəsi və temperaturu  üzrə müşahidələr aparılır. Su sərfinin ölçülməsi isə hər on gündən bir aparılır (gursululuq dövründə isə daha tez-tez).
 
Payız, qış və yaz dövründə buzun vəziyyəti, qışda isə buzun qalınlığı üzərində müşahidələr aparılır.

Hidroloji şəbəkənin modernləşdirilməsi və müşahidələrin keyfiyyətinin artırılması məqsədilə ölkənin əsas çaylarında dövlət investisiyası hesabına 17 ədəd, həyata keçirilən layihə hesabına isə 6 ədəd su sərfi və səviyyəsini ölçən, sensorlarla təchiz edilmiş müasir avtomat hidroloji stansiyalar quraşdırılmışdır. Avtomat stansiyaların 12-si tranzit çaylarda olmaqla 6-sı Kür çayında, 3-ü Araz çayında, 1-i Ağstafaçayda, 1-i Qanıx çayında, 1-i isə Qabırrı çayında, qalanları isə ölkənin digər çaylarında quraşdırılmışdır.

İşğaldan azad edilmiş ərazilərdə 13 çayda olmaqla 17 hidroloji məntəqə fəaliyyət göstərmişdi.

1989-1993-cü illərdə işğal nəticəsində həmin məntəqələrdə müşahidələr dayandırılmışdır.

2021-ci ilin aprel-may, iyun, avqust, sentyabr, noyabr və dekabr aylarının müxtəlif vaxtlarında ərazidən axan çaylarda sululuğun qiymətləndirilməsi məqsədilə 10 çayda olmaqla 11 məntəqədə  müasir “SOMMER” RP-30 portativ ölçü cihazı vasitəsilə su sərfləri ölçülmüş və norma ilə müqayisə edilmişdir.

İşğaldan azad olunmuş ərazilərdə quraşdırılması nəzərdə tutulan avtomat hidroloji məntəqələrin yerlərinin müəyyənləşdirilməsi məqsədilə 12-14 iyul və 6-10 sentyabr 2021-ci il tarixlərdə müvafiq təlimata əsasən ərazilərə baxış keçirilmiş və münasib hesab olunan yerlərdə məntəqələrin qurulması üçün hazırlıq işləri yerinə yetirilmişdir.

İşğaldan azad olunmuş ərazilərdə müşahidələrin bərpası üçün 2022-ci ildən başlayaraq ilkin mərhələdə 11 ədəd avtomat hidroloji stansiyanın quraşdırılmasına  start verilmişdir.

Avtomat stansiyalar fəaliyyətə başladıqdan sonra müşahidə məlumatları bərpa olunacaq, müşahidələrin keyfiyyəti artırılacaq, həmin məntəqələrdə fasiləsiz monitorinqlərin aparılması təhlükə yarada bilən hidroloji hadisələrin izlənilməsi, intensivliyinin müəyyən edilməsi, xüsusilə sel və daşqın hadisələrinə dair proqnozların səmərəliyini artırması sahəsində imkanlarımızı genişləndirəcəkdir. Eyni zamanda  ərazidən axan yerli və tranzit çayların müşahidə məlumatları əsasında bölgənin su ehtiyatlarının dəyişməsi qiymətləndiriləcəkdir.

Əsas vəzifələrdən biri dövlət orqanlarını, əhalini və iqtisadiyyatın müxtəlif  sahələrini ölkənin su obyektləri, onların rejimi haqqında, operativ və proqnozlaşdırılmış hidroloji məlumatlarla vaxtında və keyfiyyətlə təmin etməkdir.

Hazırda Respublikanın su obyektlərində (çaylarda, göllərdə və su anbarlarında) 88 hidroloji məntəqə fəaliyyət göstərir. Onlardan 80-ni çay, 6-sı su anbarı 2-si isə göldür.
 

Hidroloji müşahidə şəbəkəsinin xəritəsi

Hidroloji xidmətlər aşağıdakı istiqamətlərdə aparılır:

  • Hidroloji proqnozlar
  • Dövlət su kadastrı və hidroloji monitorinq məlumatlarının təhlili
  • Çöl ekspedisiya işləri
 
Su obyektlərinin faktiki vəziyyətinin operativ qiymətləndirilməsi aparılır, hidroloji rejiminin müxtəlif elementləri işlənib hazırlanır və proqnozlaşdırılır.  
Aşağıdakı növ hidroloji proqnozlar tərtib edilir:

  • Su anbarlarına (Şəmkir, Mingəçevir) gündəlik axım proqnozu
  • Kür çayının aşağı axınında 2 məntəqə üzrə iki günlük səviyyə proqnozu
  • Ongünlük proqnoz
  • Aylıq proqnoz
  • Su anbarlarına (Şəmkir, Mingəçevir) rüblük axım proqnoz
  • Yaz-yay (aprel-iyun) gursululuq dövrü proqnozu
  • Xəbərdarlıq
  • Gündəlik hidroloji bülleten
Regional bölmələrə metodiki rəhbərlik etməklə, hidroloji şəbəkənin iş planlarının, məqsəd və vəzifələrinə uyğun olaraq yüksək keyfiyyətlə yerinə yetirilməsini təmin etmək üçün məsələlərin operativ həlli həyata keçirilir. Yerüstü sular bölməsi üzrə dövlət su kadastrının aparılması işləri həyata keçirilir. Məlumatların etibarlılığı yoxlanılır, toplanılır, emal edilir, ümumiləşdirilir və təhlil edilir. Hidroloji təhlillər və hesablamalar aparılır, sorğu əsasında istehlakçılar üçün hidroloji məlumatlar hazırlanır.

Böyük və Kiçik Qafqazın çaylarının hövzələrində 30 marşrut üzrə qarölçmə işləri aparılır. Böyük Qafqazın şimal-şərq hissəsində Qusarçayın hövzəsində Tufandağ buzlağında tədqiqatlar aparılır. Selin izinə görə ölçü işləri aparılaraq hesablamalar nəticəsində maksimal su sərfləri müəyyən edilir. Kür çayının mənsəbində hidroloji tədqiqat işləri həyata keçirilir.