Biomüxtəliflik

Azərbaycan Respublikasının “Qırmızı kitab”ı
 
Fauna və flora növlərinin mühafizə olunmasının  effektiv üsullarından biri “Qırmızı Kitab”ın təsis edilməsidir. Hələ 1977-ci ildə Azərbaycanın flora və faunasının genofondunun mühafizəsi üçün Azərbaycan Respublikası “Qırmızı Kitab”ının təsis edilməsinə dair qərar qəbul edilmişdir.

Mövcud qanunvericiliyə əsasən, ölkə ərazisində təbii şəraitdə yaşayan, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan və bitki növləri xüsusi mühafizə edilir və Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilir. Azərbaycan Respublikasının “Qırmızı Kitab”ı rəsmi sənəd olmaq etibarilə, Azərbaycan Respublikasının bütün ərazisində, o cümlədən  Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində heyvan və bitki növlərinin (yarımnöv, populyasiyalar) vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir.

Ölkəmizdə bitki və heyvanat aləminin mühafizəsi, həm ölkə qanunvericiliyində, həm də 1989-cu ildə çap edilmiş Azərbaycan SSR-in bitki və heyvanlarının “Qırmızı Kitab”ının I nəşrində təsbit edilmişdir. Bura alimlər tərəfindən Azərbaycan florasında mühafizəsi tələb olunan 140, fauna üzrə isə 108 növ daxil edilmişdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qırmızı Kitabı haqqında Əsasnamə”yə uyğun olaraq “Qırmızı Kitab”ın hazırlanması və dövri nəşri ilə bağlı işlərin maliyyələşdirilməsi Dövlət büdcəsi hesabına həyata keçirilir və hər 10 ildən bir nəşri nəzərdə tuutlmuşdur.

“Qırmızı Kitab”ın son nəşrində (2013-cü il) mütəxəssislər tərəfindən ölkəmizin müxtəlif təşkilatlarının nümayəndələri ilə əməkdaşlıqda müasir qorunma statusu qiymətləndirilmiş 300 bitki  və 223 heyvan növünü əhatə edən Azərbaycanın “Qırmızı Kitabı”nın II nəşri yenidən işlənilmişdir.

Nadir və nəsli kəsilməkdə olan növlərin tədqiqi üzrə mütəxəssislər tərəfindən intensiv monitorinqlər keçirilmiş, onların beynəlxalq səviyyədə müasir qorunma meyarları müəyyənləşdirilmişdir. Bu nəşrdə ilk dəfə olaraq təbiəti mühafizə baxımından təsvir edilmiş nadir və nəsli kəsilmiş növlərin beynəlxalq səviyyədə qəbul olunmuş meyarlara görə (IUCN, 2001) qiymətləndirilməsi həyata keçirilmişdir.