Bizonların reintroduksiyası

Ölkəmizdə Avropa bizonunun təbiətimizə introduksiyası üçün tədbirlər həyata keçirilir

2012-ci ilin sonlarından etibarən zubr (bizon) növünün ölkəmizin vəhşi təbiətinə introduksiya edilməsi istiqamətində IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisi tərəfindən intensiv işlər aparılır. Belə ki, 2015-ci ildə Şahdağ Milli Parkı ilə IDEA İctimai Birliyi arasında bu sahədə imzalanmış Əməkdaşlıq Sazişinə əsasən nəsli kəsilmiş bizonların bərpası və onların ölkə təbiətinə reintroduksiya olunması, digər növ vəhşi heyvanların elmi məqsədlərlə artırılması üçün Şahdağ Milli Parkının İsmayıllı rayonunun inzibati ərazisinə aid olan hissəsində 305 hektar sahə ayrılıb, ərazidə zubrların çoxaldılıb təbiətə buraxılması üçün kompleks inşa edilib. 2019-cu ilin may ayından etibarən Almaniya, Belçika, Hollandiya zooparklarından Azərbaycana 12 baş bizon gətirilib, payız aylarında daha 8 baş bizonun gətirilməsi gözlənilir.

Zubrlar vaxtilə Avrasiyada çox geniş arealda yayılsa da, ötən əsrin əvvəllərində vəhşi təbiətdə nəsli, demək olar ki, kəsilib. Qafqaz dağlarında sonuncu zubr 1927-ci ildə öldürülüb. Hazırda dünyada mövcud olan zubrların böyük əksəriyyəti zooparklarda artırılıb və bu yolla növün bərpasına yönəlmiş səylər davam etdirilir.