National forest strategy

Son 15 il ərzində Azərbaycan hökumətinin dəstəyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, onun tabeçiliyindəki meşə qurumları tərəfindən meşələrin mühafizəsi, bərpası və inkişafı sahəsində bir sıra təqdirəlayiq tədbirlər həyata keçirilmiş, icrası başa çatmış 1-ci Milli Meşə proqramı (2003) çərçivəsində ölkə ərazisində 93,12 min hektar sahədə meşəbərpa, o cümlədən 35,2 min hektar sahədə meşə əkini və səpini işləri aparılmışdır.
Mövcud meşələrin yaxşılaşdırılması və meşə ərazilərinin genişləndirilməsi ölkənin meşə təsərrüfatı sektorunun və Azərbaycan cəmiyyətinin yaxın dövr üçün əsas prioritetlərindəndir. Hədəf yaxın illərdə meşə ərazilərinin ölkə ərazisinə nisbətdə 17-18 faizə, uzaq perspektivdə isə 20 faizə çatdırmaqdır. Bu məqsədlərə nail olmaq üçün yeni münasib torpaq sahələrinin meşə fondunun tərkibinə daxil edilməsi və həmin torpaqlarda meşəsalma işlərinin aparılması lazım gələcəkdir. Bu strateji hədəflərə çatmaq üçün Azərbaycan hökuməti dövlətin, özəl sektorun və beynəlxalq ekoloji qurumların maliyyə vəsaitlərinin cəlb olunması istiqamətində məqsədyönlü işlər aparmalı, müvafiq layihələr həyata keçirməlidir.
Ölkədə ağac qıtlığı olsa da, qeyri-ağac meşə məhsullarından geniş istifadə edilməsi üçün potensial və lazımi şərait mövcuddur. Əhalinin, xüsusilə meşə ərazilərinə yaxın yerli icmaların ehtiyaclarını daha yaxşı qarşılamaq üçün meşə ehtiyatlarından davamlı istifadə dövlət meşə təsərrüfatının əsas hədəflərindən biri olmalıdır. Milli qanunvericiliyə əsasən, meşələrin böyük hissəsi ekoloji və mühafizə funksiyaları və xidmətləri üçün müəyyən edilmişdir. Oduncaq, xüsusilə yanacaq odunu və digər meşə məhsullarının tədarükü münasib məhdud ərazilərdə icazə əsasında həyata keçirilir.
Ölkə ərazisi mürəkkəb geomorfoloji, geoloji-tektonik və hidrogeoloji quruluşa malikdir. Bu səbəbdən bəzi ərazilərdə iqtisadiyyatın müxtəlif sahələrinə ciddi ziyan vuran sürüşmə, subasma, bataqlıqlaşma, səhralaşma, abraziya, vulkan (palçıq) püskürməsi və s. bir sıra bu kimi ekzogen geoloji proseslər baş verir. Sənayeləşmənin genişlənməsinin nəticəsi olaraq insanın təbiətə (o cümlədən meşələrə) və təbii proseslərə müdaxiləsi antropogen və texnogen amillərin də təsirini artırır. Bu proseslərin meşə sektoruna təsirini qarşılamaq üçün Proqram çərçivəsində müvafiq tədbirlərin müəyyənləşdirilməsi və həyata keçirilməsi lazım gələcəkdir.
Dövlət meşə təsərrüfatının qarşısında duran əsas məqsədlərdən biri də ekosistem xidmətlərinin, mühafizə funksiyalarının və meşələrin faydasının qiymətləndirilməsi üçün elmi-tədqiqat müəssisələri, ixtisaslaşmış QHT-lər və müvafiq beynəlxalq proqramlar ilə birlikdə tədqiqat-araşdırma və qiymətləndirmə işlərinin aparılmasıdır.
Meşə ərazilərində qeyri-ağac meşə məhsulları ehtiyatlarının cari durumunun, inkişaf ehtiyaclarının və imkanlarının müəyyən edilməsi, meşələrin potensialı daxilində bu məhsul ehtiyatları həcminin artırılması lazım gələcəkdir. Özəl sektorun meşə təsərrüfatı müəssisələrinin və yerli icmaların qeyri-ağac meşə məhsullarının davamlı istehsalı və tədarükü, kiçik həcmli yığım və emal məntəqələrinin (müəssisələrinin) yaradılması, məhsulların saxlanılması və bazara çıxarılması sahəsində bilik və bacarıqlarının artırılması diqqət mərkəzində olacaqdır.
İstirahət dəyəri baxımından meşələrin turizm, xüsusilə ekoturizm üçün müvafiq şərait və istirahət potensialının müəyyən edilməsinə, bu zaman həmin ərazilərdən istifadə edən insanlar üçün maarifləndirici proqramlar, təbliğat və nəzarət vasitələrinin işlənib hazırlanmasına ehtiyac vardır. Nəzərə alınsa ki, meşə ərazilərində  turizm və istirahət fəaliyyətlərindən kənd əhalisinin əldə edəcəyi gəlir artacaq, bu səbəbdən yerli icmaların meşələrin qorunmasına və inkişafına töhfəsi güclənəcəkdir.