Forest management

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 yanvar tarixli Fərmanı ilə ETSN-nin Meşələrin İnkişafı Departamentinin bazasında ETSN yanında Meşə Təsərrüfatı Xidməti yaradılmışdır.
Xidmət meşələrin mühafizəsi və qorunması, onların bərpası və yeni meşələrin salınması, əkin sahələrinin hazırlanması, əkin materiallarının yetişdirilməsi və meşə təsərrüfatına dair digər fəaliyyətlərlə, o cümlədən meşə ehtiyatlarının və əlaqədar kənd təsərrüfatı sahələrinin səmərəli və məqsədyönlü istifadəsi ilə məşğul olur.
Xidmət, həmçinin meşə torpaqlarının və orada yerləşən su obyektlərinin, ekoloji mühitin mühafizəsi, meşələrdə biomüxtəlifliyin qorunması, elmi, mədəni və istirahət komplekslərinin yaradılması, eləcə də meşə toxumçuluğunun və onun genefondunun genişləndirilməsi sahəsində işləri, sanitar-gigiyenik və fitosanitar tədbirləri həyata keçirir.
Meşə təsərrüfatı xidmətinin Aparatında 4 şöbə, 1 sektor və 1 mərkəz, tabeçiliyində isə 14 regional meşə təsərrüfatı mərkəzi və Abşeron Regional Meşə Tingliyi Mərkəzi  fəaliyyət göstərir.
Meşələrin idarə edilməsi və planlaşdırılması üçün istifadə edilən inventarlaşdırma və məlumat bazası köhnəlmişdir. Ölkənin meşə ehtiyatlarının müvafiq və münasib qaydada planlaşdırılması və idarə edilməsi üçün etibarlı və yenilənmiş məlumatların təmin edilməsinə imkan verən müasir inventarlaşdırma alətləri və üsullarından istifadədə çətinliklər vardır. Hazırda aparılan inventarlaşdırmada da köhnə alət və üsullardan istifadə edilir.