Forestry inventory

Azərbaycan az meşə sahəsi olan ölkədir. Ölkənin ümumi dövlət meşə fondu ərazisi 1213,7 min hektardır (14 faiz). Bu ərazidən meşə ilə örtülü sahə 1021,9 min hektar təşkil etməklə, ölkənin ümumi ərazisinin 11,8 faizi qədərədir. Köküstü oduncaq ehtiyatı 149 milyon kubmetrdir. Adambaşına təqribən 0,12 hektar meşə sahəsi düşür ki, bu da dünya miqyasında götürülən orta göstəricidən 2-3 dəfə azdır. Qeyri-rəsmi məlumatlara əsasən, 18-19 əsrlərdən indiki Azərbaycan ərazisinin 35 faizi meşə ilə örtülü olmuşdur. Ölkənin mövcud meşələri qeyri-bərabər şəkildə paylanmışdır. Belə ki, onların 85 faizi dağlıq və dağətəyi sahələrdə, qalan 15 faizi isə düzən ərazilərdə yerləşir. Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərindəki 261 min hektar meşə fondu sahəsinin təbii sərvətlərinə və bioloji müxtəlifliyinə çox ciddi ziyanlar  vurulur, onlar məhvə məruz qalır.
İqtisadi və ekoloji əhəmiyyətinə, yerləşməsinə və yerinə yetirdiyi funksiyalara görə, ölkə meşələri birinci qrup meşələri aid olmaqla, 7 qoruyucu kateqoriyaya bölünür: qoruq meşələri, kurort meşələri, xüsusi qiymətli meşə massivləri, şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının meşələri, yabanı meyvə meşələri, dövlət qoruyucu meşə zolaqları, sair meşələr.
Azərbaycan meşələrinin sahəsi ümumi əraziyə nisbətdə az olsa da, növ cəhətdən zəngindir. Burada 435 növ ağac və kol bitir, onlardan da 70-i endemik növlərə aiddir. Meşələrin çox hissəsi qiymətli ağac cinslərindən ibarətdir (palıd, fıstıq, vələs, cökə, ağcaqayın və s.).Bütün ölkə ərazisi üçün enliyarpaqlı meşələr səciyyəvidir. Bu tip meşələr Böyük Qafqaz və Kiçik Qafqazın, Talış dağlarının alçaq və orta dağlıq ərazilərində geniş yayılmışdır.