Xəbərlər

Saxta şikayətçi ifşa olundu

03 Fevral 2017, 00:00

İmişli rayonunun Cəfərli kəndində su təmizləyici qurğudan guya çirkli su gəlməsi barədə kənd sakini Quliyev Elşən Qara oğlu adından 26 dekabr 2016-cı il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” xidmətinə edilən müraciət ETSN-nin mütəxəssisləri tərəfindən yerində araşdırılıb.

Nazirliyin əməkdaşları Cəfərli kəndinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi və kənd bələdiyyəsinin rəhbərliyi ilə birlikdə “Qaynar xətt” xidmətinə müraciətdə adı və soyadı qeyd edilən  Elşən Quliyevlə görüşüb. Lakin o, şikayət etmədiyini və “qaynar xətt” xidmətində qeydə alınmış telefon nömrəsinin ona məxsus olmadığını bildirib.

Araşdırma zamanı başqasının adından saxta şikayət edən şəxsin 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin sabiq işçisi Xəzər Məhərrəmovun olması müəyyən edilib. O, başqa adla qərəzli şikayət verdiyini, məlumatın həqiqətə uyğun olmadığını və qərəzli xarakter daşıdığını etiraf edib. Nazirliyin əməkdaşları tərəfindən  bununla bağlı müvafiq akt tərtib olunub. Qeyd edək ki, Xəzər Məhərrəmov işdə yol verdiyi nöqsanlara görə 29 noyabr 2016-cı il tarixində işdən azad edilib.

Qeyd edək ki, 2010-cu ildə İmişli rayonunun Cəfərli kəndində ETSN tərəfindən 132 m3/gün gücündə modul tipli su təmizləyici qurğu və 31 ədəd su paylayıcı bulaq tikilərək istismara verilib. Hazırda bütün bulaqlar əhalini Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin edir.