Xəbərlər

Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb

27 May 2022, 15:40

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Lənkəran çayında, Mahmudçala Ovçuluq Təsərrüfatında və Mingəçevir su anbarında balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Lənkəran rayon sakinləri Qismət Yunusov, Qadir Hacıyev və Rasim Məmmədov, Biləsuvar rayon sakini Mirqoca Kərimov, Yevlax rayon sakini Elnur Hüseynov və Samux rayon sakini Elmir Aslanov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

“Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb. Bir fakt üzrə isə təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından hazırda Su Nəqliyyatında Polis İdarəsində təhqiqat aparılır”.

B.Məhəmmədov onu da qeyd edib ki, ölkə ərazisində keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 370 metr uzunluğunda sintetik tor yığışdırılıb.

Xidmət rəsmisi balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxsləri qadağan olunan vaxtlarda və qadağan olunmuş alətlərlə balıq ovlanmasından çəkinməyə və qaydalara əməl etməyə çağırıb.