Xəbərlər

Hirkan Milli Parkında baş verən yanğın söndürülüb

19 Yanvar 2021, 15:05

Hirkan Milli Parkının Astara rayonu ərazisində-Şindan meşəbəyliyində baş verən yanğın artıq söndürülüb. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

“Küləyin güclü olması yanğının söndürülməsində çətinliklər yaradırdı. Yanğının söndürülməsində Hirkan Milli Parkının, yerli meşə idarəsinin əməkdaşları ilə birgə Fövqəladə Hallar Nazirliyinin nümayəndələri və kənd sakinləri iştirak ediblər. Yanğının qarşısının alınmasına ümumilikdə 300 nəfərə yaxın şəxs cəlb olunub”.

Xidmət rəsmisi bildirib ki, yanğın zamanı əsasən, quru ot örtüyü və kol-kos yanıb. Əraziyə baxış keçirilən zaman yaş köküstə ağacların yanmasına təsadüf edilməyib. Profilaktik tədbirlər baxımından ərazidə işçilər üçün növbətçilik sistemi təşkil edilib.

Onun sözlərinə görə, hazırda Hirkan Milli Parkında baş vermiş yanğın nəticəsində təbiətə dəyən ziyan hesablanır. Yanğının səbəbləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi və hüquq-mühafizə orqanları nümayəndələri tərəfindən birgə araşdırılır”.